Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
İNSAN HÜQUQLARI MÜDAFİƏSİ, DEFENDING HUMAN RIGHTS ŞİRKƏTİNİN RƏHBƏRİ, BEYNƏLXALQ HÜQUQ MÜDAFİƏÇİSİ İSMAYIL ZALOV ADEX TƏDBİRİNDƏ İŞTİRAK ETDİ
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
“Artıq altı ildir ki, kirayədə yaşayıram” - Şəhid xanımına ev nə vaxt veriləcək?

“Çox çətin sosial şəraitdə yaşayırıq. İki övladımı tək böyüdürəm və kirayəhaqqını ödəmək ailəm üçün ciddi yükə çevrilib”.
Bu barədə “Qafqazinfo”ya Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunun kiçik çavuşu Rahil Əkbərovun həyat yoldaşı Sveta Əkbərova müraciət edib.
O bildirib ki, şəhid ailəsi olaraq 6 ildir evsizdirlər: “Mənzil təminatı ilə bağlı müraciət etsək də, hələ də ev sahibi ola bilməmişik. Yoldaşımdan mənə iki əmanət qalıb: Rəvan və Damla. Mənim istəyim yalnız övladlarımın rahat və təhlükəsiz şəraitdə böyüməsidir. Onların şəhid övladı kimi öz evlərində yaşamaq haqqının təmin olunmasını istəyirəm.
Artıq altı ildir ki, iki övladımla birlikdə Bakıda kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir. Öz evimiz olsa, vəziyyət düzələr. Lakin aidiyyəti qurumlara müraciət etsək də, hələ də cavab ala bilməmişik”.
.png)
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, sözügedən şəhid ailəsi qeydiyyata alınıb: “Rahil Əkbərovun həyat yoldaşı Sveta Mehman qızı Əkbərova Sabirabad Rayon İcra Hakimiyyəti başçısının 6 aprel 2021-ci il tarixli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində qeydiyyata alınıb.
Vətəndaş daimi pasport qeydiyyatını Bakı şəhəri, Binəqədi rayonuna dəyişdiyi üçün Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 30 avqust 2023-cü il tarixli Sərəncamı ilə əvvəlki növbəlilik tarixi saxlanılmaqla 3 nəfər (özü, oğlu və qızı) ailə tərkibi ilə mənzil növbəliliyi Binəqədi rayonuna keçirilib.
Şəhidimizin həyat yoldaşının mənzillə təmin olunması üçün Agentliyə təqdim etdiyi sənədlərə baxılıb və ailə tərkibi nəzərə alınmaqla ikiotaqlı mənzillə təmin olunması nəzərdə tutulub. S.Əkbərovanın sosial məişət şəraitinin yaxşılaşdırılması məsələsinə qanunvericiliyə əsasən növbəlilik qaydasında baxılacaq”.
Qeyd edək ki, Rahil Əkbərov Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, 2020-ci il noyabrın 26-sı Hadrut istiqamətində gedən döyüşlərdə şəhid olub. R.Əkbərov Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Fidan Etibar


























































