Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
“Min manat ödəsəm də, 20**200 nömrəsi mənə verilmir”
Gəncə şəhər sakini Ələsgər Mahmudov Baş Dövlət Yol Polisi İdarəsinin Gəncə İmtahan-Qeydiyyat Şöbəsindən şikayətçidir.
Vətəndaş “Kriminalqafqaz”a müraciət edərək bildirib ki, “20**200” nömrəsini almaq üçün quruma dövlət rüsumunu ödəsə də, ərizəsini qəbul edən yoxdur:
“Ötən il dekabrın 6-da bütün dövlət rüsumlarını ödədim. Ümumilikdə rüsumlara 1051 manat ödəmişəm. Amma ərizəmi heç kim qəbul etmir - nə inspektr, nə rəis, nə də rəis müavini. Deyirlər ki, “bizdən icazə alıb ödəmisən dövlət rüsumunu?”. Dəfələrlə məktub yazandan sonra dedilər ki, nömrə sərfiyyatda yoxdur. Mən də gözləyəcəyimi və nə vaxt olsa onda da vermələrini demişəm. Dövlət rüsumunu ödədiyim vaxtdan bu günə qədər artıq iki seriya satışa gedib, üçüncü seriya da gələcək. Amma mənim rüsumunu ödədiyim nömrədən xəbər yoxdur”.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “Kriminalqafqaz”ın sorğusunu cavablandırıb.
O bildirib ki, bu barədə vətəndaş Ələsgər Mahmudov Daxili İşlər Nazirliyinin aidiyyəti qurumlarına dəfələrlə müraciət edib: "Bütün müraciətləri araşdırılaraq istədiyi dövlət qeydiyyat nişanının sərfiyyatda olmaması barədə ona rəsmi cavab verilib.
Bundan başqa, vətəndaşa ödədiyi dövlət rüsumuna uyğun, sərfiyyatda olan digər dövlət qeydiyyat nişanları təklif olunsa da, o, israrla bundan imtina edib. Ələsgər Mahmudov ödədiyi dövlət rüsumunu geri qaytarılmasını istədiyi təqdirdə bunun üçün o müvafiq qaydada müraciət edə bilər”.