Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Azərbaycan bu gün yüksək beynəlxalq nüfuz sahibinə çevrilmişdir.
15 iyul 2022ci tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib.
Dövlət başçısı müşavirədə giriş nitqi söylədi.
Cənab Prezident çıxışında bir çox məqamlara toxunub.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən məqamlardan biri də Vətən müharibəsi iştirakçılarının sosial problemlərinin daim diqqət mərkəzində olması idi.
Hərbçilərin həm xidmət şəraiti, həm mənzil şəraiti haqqında bir çox məlumatlar var. Azərbaycanda bu sahədə görülən işlər deyə bilərəm ki, dünyada nadir hallarda təkrarlanır. İndi qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Bizim bütün hərbi şəhərciklərimiz əsaslı şəkildə təmir edilir, onun haradasa 90 faizi yenidən qurulub.
Ölkə başçısı çıxışında bir daha bildirdi ki, öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdırlar. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdırlar.
Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildi və hesab edirəm ki, bu il Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib.
Dünyada yaşanan geosiyasi proseslər və qlobal iqtisadi gərginliyə rəğmən son altı ay ərzində Azərbaycanda bütün sahələrdə müsbət tendensiya qeydə alınıb. Belə ki, cari ilin ilk altı ayının nəticələri deməyə əsas verir ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr icra edilir.
Prezident İlham Əliyevin sədrliyi ilə cari ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə səsləndirilən fikirlərə, eyni zamanda ayrı-ayrı sahələrin inkişafında qazanılan uğurlara əsaslanaraq əminliklə deyə bilərik ki, ölkəmiz böyük uğurlara imza atıb. Cənab prezidentin qeyd etdiyi kimi, məqsədimiz müstəqilliyimizin əbədi və dönməz xarakter alması, Azərbaycanın dünya birliyində öz yeri və rolunu daha da möhkəmləndirməsidir.
Azərbaycanın beynəlxalq arenada oynadığı rol, göstərdiyi həmrəylik və ehtiyac içərisində olan ölkələr üçün verilən humanitar, maliyyə dəstəyi, xüsusilə COVID-19la bağlı 80-dən çox ölkəyə göstərilən dəstək ölkəmizin beynəlxalq nüfuzunu böyük dərəcədə artırmışdır.
İlham Əliyev: "Bu il bizim xarici siyasətimiz çox fəal olub və xarici siyasət istiqamətində hesab edirəm ki, yeni önəmli addımlar atılıb və ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Nəticələr arasında, əlbəttə ki, Qoşulmama Hərəkatındakı uğurlu sədrliyimizi qeyd etmək istərdim".
Qoşulmama Hərəkatındakı uğurlar xüsusi olaraq qeyd olunmalıdır. Azərbaycanın sədrlik müddətinin 2023-cü ilə qədər uzadılması onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və ölkəmizə olan inam bu illər ərzində daha da artmışdır.
Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafına böyük töhfə vermiş ölkədir.
Müşavirədə Prezident cənab İlham Əliyev Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması məsələsinə diqqət çəkərək cari ilin altı ayında bu istiqamətdə müəyyən addımların atıldığını, lakin hələlik real nəticələrin olmadığını bildirdi.
Artıq Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir.
Qarabağı yenidən qururuq və bütün başqa ehtiyaclarımızı ödəyirik və heç kimdən bir manat almadan. Ona görə bunu bilmək lazımdır. Bunu unudanlar da gərək yaddaşlarını, necə deyərlər, aydınlaşdırsınlar, bir az diqqətli olsunlar.
Əlbəttə ki, bütün bu işlərin görülməsi üçün iqtisadiyyat əsasdır. İqtisadi müstəqillik əldə edilmişdir və biz məhz buna görə siyasi müstəqillik əldə etmişik, beynəlxalq müstəvidə müstəqillik əldə etmişik. Heç kim bizim iradəmizə təsir edə bilməz, heç kim bizə heç nəyi diktə edə bilməz, heç kimdən asılı deyilik və əminəm ki, heç vaxt heç kimdən asılı olmayacağıq. Asılı olsaydıq, Qarabağ bu günə qədər işğal altında idi. Ona görə iqtisadi müstəqillik əsas amillərdən biridir və burada da böyük nailiyyətlər var.
Son altı ayda ölkə iqtisadiyyatı 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb. Nəticədə əhalinin gəlirlərində təxminən 20 faiz artım qeydə alınıb. Cari ilin ilk altı ayı onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir.
Azərbaycanın enerji imkanlarının bir çox ölkələr üçün böyük önəm daşıdığını vurğulayan Prezident bu sahədə də işlərin planlı şəkildə aparıldığını qeyd etdi. Avropa tərəfindən də Azərbaycana yeni layihə təqdim edildiyi bildirildi. Prezident dedi ki, Qara dənizin altından Gürcüstandan Rumıniyaya qədər kabelin çəkilişi layihəsi də var və Azərbaycan bu layihəyə maraq göstərir. Bu da bizim Avropa və digər ölkələrin enerji təhlükəsizliyinə verdiyimiz töhfədir.
Görülmüş işlərin kiçik hissəsini işıqlandıran cənab Prezdent qeyd etdiyi kimi,bu da kifayətdir hər kəs görsün ki, nəhəng işlər görürük və qarşıda duran bütün vəzifələri icra edəcəyik, bizə olan inam bu ərzində daha da artmış və artmaqda davam edəcəkdir.