Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Azərbaycan-Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub
Eyni soya, ortaq tarixə və mədəniyyətə, milli adət-ənənələrə malik olan Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlığın kökləri tarixin dərin qatlarına gedib çıxır. Son illər ərzində iki ölkə arasında əlaqələr daha da möhkəmlənib.
Azərbaycan və Özbəkistan dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq və qardaşlıq münasibətləri daha da inkişaf etdirildi və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəsinə gəlib çatdı. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında, dövlətlərarası münasibətlərin formalaşmasında ulu öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub.
Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyub. Bu gün Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Belə ki, Azərbaycan-Özbəkistan münasibətləri bu gün iki ölkə liderlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf etməkdədir.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev son yeddi ay ərzində Özbəkistana iki dəfə səfər edib - iyunun 21-22-də Özbəkistana dövlət səfəri həyata keçirilib. Sentyabrın 15-16-da isə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilmiş Sammitində Azərbaycan Prezidenti fəxri qonaq qismində iştirak edib. Bu gün dövlətimizin başçısının cari il ərzində Özbəkistana üçüncü səfəri başlayıb.
Bu gün Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir, türk birliyinin inkişafına böyük töhfələr verir. Azərbaycan-Özbəkistan əlaqələri TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və digər qurumlar çərçivəsində günbəgün inkişaf etdirilir.
Ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. İndiyədək iki ölkə arasında 154 sənəd imzalanıb.
Hazırda iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Ulu öndər Heydər Əliyev hər zaman özbək xalqına böyük sevgi ilə yanaşıb. 1970-ci ildə o vaxt Azərbaycana rəhbərlik edən Heydər Əliyevlə Özbəkistanın rəhbəri Şərəf Rəşidov arasında yaranmış dostluq münasibətləri iki ölkə arasındakı əlaqələrin bugünkü inkişafının əsası olub. Ümummilli lider Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən 1996-cı ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə”, eləcə də Ümummilli Liderin 1997-ci ilin iyununda Özbəkistana səfəri qarşılıqlı anlaşma, etimad və hörmətə əsaslanan gələcək münasibətlərimizin konturlarını müəyyən edib.
Ölkələrimizin tarixində oxşar faciələr də var. Ötən əsrin əvvəllərində həm azərbaycanlılar, həm də özbəklər erməni vəhşiliyinin qurbanı olublar. 1918-ci ilin fevralında bolşeviklərin dəstəyi ilə “Daşnaksütyun” partiyasının hərbi qanadı tərəfindən Kokand vilayətində özbəklərə qarşı soyqırımı törədilib, nəticədə 35 min insan öldürülüb. Təkcə üç gün ərzində Kokand şəhərində 10 minə yaxın dinc sakin vəhşicəsinə qətlə yetirilib.
Azərbaycan və Özbəkistan xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub, hazırda iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. İqtisadi sahədə də əlaqələr inkişafdadır. Bu il avqustun 1-də Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın iclası da keçirilib. İclas zamanı ticarət-iqtisadi, kənd təsərrüfatı, energetika, səhiyyə, nəqliyyat-logistika, ətraf mühitin mühafizəsi, dövlət xidmətlərinin göstərilməsi, mədəni-humanitar, sosial və turizm sahələrində əməkdaşlığın gücləndirilməsi ilə bağlı razılıq əldə olunub.
Həmçinin, üçtərəfli əməkdaşlıq çərçivəsində bu ilin avqustunda Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü baş tutub. İyunda isə Azərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərinin Bakıda ilk üçtərəfli görüşü təşkil olunub.
Bu ilin doqquz ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 131,06 milyon dollar olub. Halbuki, 2021-ci ildə bu göstərici 111,9 milyon dollar idi. Bu il yükdaşımaların həcmində də artım müşahidə olunub. Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında göstərici 578 min ton olub. Bu, əvvəlki illərə nisbətən 2-3 dəfə çoxdur (Müqayisə üçün: 2021-ci ildə 172,1 min, 2020-ci ildə 272,1 min ton).
Eyni zamanda, Özbəkistan keçmiş Qarabağ münaqişəsi ilə bağlı məsələdə daim Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Vətən müharibəsi dövründə Özbəkistan Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə, münaqişəni sülh yolu ilə həll etmək üçün diplomatik danışıqlara başlamağa çağırıb. Qürurvericidir ki, Özbəkistan artıq azad Qarabağdakı quruculuq işlərinə qoşulub. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan dövlətinin vəsaiti hesabına böyük məktəbin inşasının layihəsi Azərbaycan hökumətinə təqdim olunub.
Ötən il martın 31-də Türk Dövlətləri Təşkilatının (həmin vaxt Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adlanırdı) videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə Görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı “Dağlıq Qarabağın qaytarılması və tarixi ədalətin bərpası” münasibətilə təbrik edib.
Qeyd etməliyik ki, Özbəkistan hələ 2008-ci ilin martında BMT Baş Assambleyasında səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs verən yeganə Mərkəzi Asiya ölkəsi olub.
2021-ci ilin noyabrında İstanbulda Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəyini bildirib.
Ölkələrimiz arasında tarixən sıx mədəni əlaqələr mövcud olub. Hər iki xalq bir-birinin mədəniyyətindən bəhrələnib, bir-birinin mədəniyyətinə və onun inkişafına özünəməxsus təsir göstərib. Bu il oktyabrın 16-22-də Özbəkistanın Daşkənd, Buxara, Nəvai və Səmərqənd şəhərlərində “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” keçirilib.
Bütün bunları nəzərə alaraq demək olar ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan Azərbaycan-Özbəkistan münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək, bu əməkdaşlıq həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verəcək.