Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

27 Ock 02:34Siyasət

İtaliya saytı Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsinə göndərdiyi əsas iddia sənədindən yazıb

İtaliyanın “KmetroO” saytı Azərbaycan hökumətinin yanvarın 23-də Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etdiyi əsas iddia sənədindən yazıb.

AZƏRTAC xəbər verir ki, yazıda bunun İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında Konvensiyaya uyğun olaraq Azərbaycanın Ermənistana qarşı qaldırdığı beynəlxalq məhkəmə proseslərində mühüm inkişaf olduğu bildirilib. Otuz illik ədalətsizliyi qeydə alan minlərlə səhifəlik dəlillərə əsaslanan sənəddə Ermənistan tərəfindən ən dəhşətli aktlardan biri olan etnik və milli mənsubiyyətə görə təmizləmə nəticəsində qətlə yetirilmiş, didərgin salınmış və zərər çəkmiş azərbaycanlılar haqqında ətraflı məlumatlar verilir.

Bildirilir ki, Ermənistanın qəsbkarlığı və Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin qeyri-qanuni işğalı düşünülmüş və məqsədyönlü etnik təmizləmə siyasəti ilə müşayiət olunub. 2020-ci ilə qədər davam edən bu fəaliyyətin məqsədi Azərbaycan rayonlarının dağıdılması, talan edilməsi və istismarı yolu ilə Azərbaycan ərazisində erməni yaşayış məskəni yaratmaq məqsədi daşıyıb. Azərbaycan 2020-ci ildə torpaqlarını azad etdikdən sonra sözügedən ərazilərdə dəlillərin genişmiqyaslı toplanması işini həyata keçirib. Ermənistanın yüz minlərlə insanın həyatını, saysız-hesabsız ailələri və icmaları, əvəzolunmaz mədəni irsi və ətraf mühiti məhv etməsinin miqyası həqiqətən də dəhşətlidir.

Yazıda qeyd olunur ki, Ermənistanın etnik ayrı-seçkilik siyasəti və əməlləri, o cümlədən otuz ilə yaxın müddətdə Azərbaycan ərazilərini qeyri-qanuni işğalı azərbaycanlıların Azərbaycanın Qarabağ bölgəsindəki evlərinə qayıtmasına mane olub. İndiyədək yüzminlərlə azərbaycanlı məcburi köçkün hələ də öz keçmiş evlərinə qayıda bilmir. İşğal dövründə və 2020-ci ildə müharibədən sonra ərazilərdən geri çəkilərkən “yandırılmış torpaq” siyasətinin tərkib hissəsi kimi Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan və Kəlbəcər kimi şəhərlər Ermənistan tərəfindən tamamilə dağıdılıb. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 1991-ci ildə işğalından sonra Azərbaycanın Qarabağ bölgəsində yerləşən tikililərin 95 faizi yerlə-yeksan olunub. Bu ayrı-seçkilik siyasətinə Ermənistanın mülki evləri və yaşayış məntəqələrini partlayıcı vasitələr və minalarla hədəfə alması da daxildir. 44 günlük Vətən Müharibəsinin başa çatmasından sonra mina partlayışlarında 282 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. Minalar Ermənistanın azərbaycanlı məcburi köçkünlərin geri qayıtmasına mane olmaq kampaniyasının tərkib hissəsidir.

Bildirilir ki, Azərbaycan tərəfi təqdim edilmiş müfəssəl sübutlar əsasında, azərbaycanlıların hüquqlarının geniş şəkildə pozulmasına görə Ermənistanın məsuliyyət daşıdığına dair vəsatətin təmin olunmasını məhkəmədən tələb edir. Etnik təmizləmə, o cümlədən qəsdən həyatdan və mülkiyyət hüququndan məhrumetmə, işgəncə, mədəni irsin məhvi, erməni əhalisi arasında azərbaycanlılara qarşı nifrətin təbliği və Ermənistanda nifrət zəminində yaradılmış silahlı qruplara dövlət yardımı ilə bağlı Ermənistan hökumətinin məsuliyyət daşıdığının bəyan edilməsi üçün müraciət ünvanlanıb. Müraciətdə, həmçinin Ermənistanın itkin düşmüş azərbaycanlılara dair bütün məlumatları açıqlamaqla bağlı öhdəliklərini yerinə yetirməsinin, qanunsuz ələ keçirilmiş bütün əmlak və torpaqları azərbaycanlılara geri qaytarmasının, nifrət zəminində təbliğatı dayandırmasının və insan hüquqlarının otuz il ərzində pozulmasına görə məsuliyyətə cəlb edilməsinin vacibliyi bildirilib. Azərbaycanın sözügedən cinayətləri törədənlərin beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması istiqamətində bütün zəruri tədbirləri davam etdirəcəyi vurğulanıb.