Menu
Xəbər Lenti
21 Ara 14:32Mədəniyyət

Nəsli kəsilməkdə olan heyvanların son ümid yeri - Bakı Zooloji Parkı

Sirr deyil ki, uşaqların, məktəblilərin maraq göstərdiyi əyləncəli, gəzməli yerlərdən biri də zooparkdır. Böyüklərdən fərqli olaraq, uşaqlar təbiət aləminin canlılarını yaxından görməyə, heyvanların həyat tərzi, davranış və hərəkətlərini müşahidə etməyə böyük həvəs göstərir, ilk dəfə gördükləri heyvanat aləmini sevdikləri üçün bu məkana bir də gəlmək istəyirlər.

Bu gün Bakı Zooloji Parkında vəziyyət necədir, burada ziyarətçilərin diqqətini çəkən, maraqlarına səbəb olan hansı yeniliklər var? Bu və digər suallara cavab almaq üçün AZƏRTAC-ın müxbiri adıçəkilən məkanda olub, Bakı Zooloji Parkının icraçı direktoru Nəzakət İsayevadan müsahibə alıb.

-Nəzakət xanım, Bakı Zooloji Parkında bu gün vəziyyət necədir? Havaların soyuq keçməsi ziyarətçilərin azalmasına təsir etmir ki?

-Beynəlxalq təcrübəyə əsasən yeni açılan bütün zooparklarda birinci il böyük axın müşahidə olunur. Elə Bakı Zooloji Parkının açılışından sonra ilk aylar ziyarətçilərin sayı çoxluq təşkil edib. Çünki Bakı Zooloji Parkı 2017-ci ildən 2021-ci ilə qədər təmir-quruculuq işləri ilə əlaqədar bağlı qalıb və açılandan sonra insanların böyük marağına səbəb olub. Hazırda hava şəraiti, yay tətilinin bitməsi, məktəb günləri zooparka marağı müəyyən dərəcədə azaldır və bu da ziyarətçilərin ümumi sayına təsir göstərir. Amma buna baxmayaraq, Bakı Zooloji Parkının hər gün ziyarətçiləri olur.

-Zooparkda neçə növ heyvan var və buraya yeni növ heyvanların gətirilməsi gözlənilirmi?

-Heyvanat parkında 125 növ heyvan məskunlaşıb, onlardan 40 növü məməlilər, 33 növü qanadlılar, yerdə qalanı isə balıqlar, suda, quruda yaşayanlar və sürünənlərdir.

Yenidən qurulmuş heyvanat parkının ən ümdə vəzifəsi “Qırmızı kitab”a daxil olmuş və nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvan növlərinin çoxaldılması və onların öz tarixi areallarına geri qaytarılmasıdır.

Zooparka yeni növ heyvanların gətirilməsi nəzərdə tutulmayıb. Ancaq heyvanların həyatını, vəhşi təbiətin mühafizəsinin əhəmiyyətini nəzərə alaraq, istisna hallarda qanunsuz olaraq saxlanılan və ya xilas edilən vəhşi heyvanların zooparkın kolleksiyasına əlavə edilməsi mümkündür.

-Maraqlıdır, Bakı Zooloji Parkında “Qırmızı kitab”a düşmüş neçə növ heyvan məskunlaşıb?

-Heyvanat parkında “Qırmızı kitab”a daxil olan 22 növ heyvan vardır. Onlardan bəbir, qonur ayı, ceyran, qamış pişiyi, nəcib maral, soltantoyuq, qutan, qızıl qaz, ağbaş kərkəs, keçəl qarabaş kərkəs, toğlugötürən, leşcilağqartal, tirəndaz və başqaların adlarını çəkmək olar.

-Bəs, heyvanlarda nəsil artımı olarsa, onların aqibəti necə olur, təbiətə buraxılır, yoxsa...

-Əlbəttə, heyvanat parkının iş prinsipi yalnız ziyarətçiləri qəbul etmək deyil, eyni zamanda, ölkəmizdə nəsli kəsilməkdə olan heyvan növlərinin saxlanılması, çoxaldılması və öz tarixi areallarına geri qaytarılması üzərində qurulub. Reintroduksiya layihəsi əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə Şahdağ Milli Parkına nəcib marallar, Acınohur çölünə ceyranlar buraxılmışdır. Yaxın gələcəkdə isə tülkü, canavar və “Qırmızı kitab”a daxil edilmiş tirəndazların təbiətə buraxılacağı planlaşdırılır.

-Yeni il bayramında uşaqları sevindirmək üçün maraqlı layihələriniz olacaqmı?

-Xüsusi proqram nəzərdə tutulmayıb, amma bayram günləri zoopark hər gün, həmişəki iş qrafiki ilə işləyəcək. Uşaqlar üçün isə zooparkda mütəmadi olaraq seminarlar, ekskursiyalar təşkil olunur.

-Heyvanlar aləmi haqqında biliklərin artırılması istiqamətində hansı işlər görülür?

-Zooloji Parkın məqsədi insanların canlı aləm, xüsusən də Azərbaycanın nadir faunası haqqında məlumat əldə edə biləcəkləri tədris, tədqiqat və konservasiya mərkəzinə çevrilməsindən ibarətdir. Buna görə də mütəmadi olaraq Bakı Zooloji Parkında uşaqlar və məktəblilər üçün seminar və treninqlər, master-klaslar təşkil olunur, instaqram səhifəmizdə mütəmadi olaraq sorğular keçirilir. Bütün bunlar təbiətə qayğı, sevgi hissinin yaranması və insanların həyatında təbiətin mühüm əhəmiyyət kəsb etdiyini anlatmış olur.

Bakı Zooloji Parkının fəaliyyətini gücləndirmək, bu istiqamətdə xarici mütəxəssislərin təcrübəsindən yararlanmaq, heyvanların həyatını daha da yaxşılaşdırmaq və nəsli kəsilməkdə olan heyvan növlərinin sayının artırılması məqsədilə tədbirlər görülür.

Eyni zamanda, digər şəhərlərin zooparkları ilə əlaqələri genişləndirmək, Bakı Zooloji Parkının vəziyyətini qiymətləndirmək, beynəlxalq standartlara uyğunlaşdırmaqdan ötrü Zooloji Parka xarici ekspert və mütəxəssislər dəvət olunmuşdur. Hazırda zooparkın vəziyyətinin müasir səviyyəyə çatdırılması üçün ekspertlər tərəfindən verilən rəy və təkliflər əsasında işlər aparılır.

-Nəzakət xanım, son olaraq oxucularımıza nəyi demək istərdiniz?

-Sizinlə bölüşdüyümüz fikirlərə yekun olaraq, insanları Azərbaycanın flora və faunasına həssaslıqla yanaşmağa, ana təbiətimizin qorunmasında yaxından iştirak etməyə, canlılara qayğı göstərməyə və bu sağlamlığı, rahatlığı gələcək nəsillərə ötürməyə çağırırıq...