Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

22 Kas 13:22Manşet / Gündəm / Siyasət

Fuad Hüseynəliyev: “Əgər Ermənistan sülh istəyirsə, Azərbaycan ötən gün ən məqbul təklifi verib”

 

“Ötən gün Azərbaycan Ermənistana qarşılıqlı məqbul olan məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsini təklif edib. Əgər İrəvan sülh istəyirsə, bu, ən gözəl təklifdir”.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev “ARB 24” televiziya kanalında yayımlanan “İşgüzar səhər” verilişində deyib.

Onun sözlərinə görə, hazırda Ermənistan üçün danışıqların mahiyyəti yox, yeri önəmlidir:

“ABŞ-nin bizə qarşı qərəzli mövqeyindən sonra aydındır ki, Vaşinqton platforması süquta uğrayıb. Azərbaycan ABŞ-də heç bir danışıqlara getməyəcək. Avropanın, əsasən də Fransanın bu günlər qərəzini görürük. Bu səbəbdən Brüssel formatı da faktiki olaraq böyük sual altındadır. Məlumdur ki, rəsmi İrəvan son dövrlərdə Rusiyanın təklif etdiyi platformalardan qaçır. Ona görə də Moskva danışıqları da mümkün olmur”.

Agentlik direktoru hesab edir ki, iki ölkə arasında sülh sazişi imzalandıqdan sonra İrəvanın bu öhdəlikdən qaçmaq kimi bir şansı yoxdur. O qeyd edib ki, iki ölkə arasında imzalanmış sülh sazişi olacaqsa, bu barədə beynəlxalq platformalara - Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı və digər güc mərkəzlərinə bildiriləcək:

“Bundan başqa, sənəd hər iki ölkənin parlamentində ratifikasiya edilməlidir. Ona görə də sülh sazişində başqa bir ölkənin qarant rolu oynamağına ehtiyac yoxdur”.

F.Hüseynəliyev bildirib ki, artıq tərəflər hər bir məsələni sülh müqaviləsi çərçivəsində həll etməyə çalışırlar:

“Bizim üçün problemli məqamlardan biri də Qazaxın yeddi və Naxçıvanın bir kəndinin hələ də işğal altında qalmasıdır. Məncə, tərəflər bu məsələləri sülh yolu ilə həll etməyə çalışırlar. Ona görə də bəzi ortaq məxrəc tapılmayan məqamlar qalır. Bəlkə də, tərəflər bunun başqa formatı üzərində də işləyirlər”.

Onun fikrincə, sülh sazişi çərçivə sənədi kimi imzalana bilər:

“Mənə elə gəlir ki, demarkasiya məsələsi sülh sazişində əksini tapmayacaq. Çünki bu proses çox vaxt tələb edir. Buna da başlamaq üçün sülh sənədinin imzalanması vacibdir. 1991-ci il Alma-Ata Bəyannaməsində Azərbaycanın 86,6 min kvadrat kilometr, Ermənistanın 29,8 min kvadrat kilometr ərazisinin olduğu qeyd edilib. Bəzi məlumatlara görə, hətta SSRİ vaxtı iki respublika arasında sərhədlərin delimitasiyası məsələsi belə, tam həll edilməyib. İstənilən halda bütün iş hər iki tərəfin mütəxəssislərinin iştirakı ilə həll edilməlidir və yeni sərhəd dəqiqləşdirilməlidir”.

Agentlik direktoru, həmçinin vurğulayıb ki, ABŞ Senatında “907-ci düzəliş”in dayandırılmasını prezidentə qadağan edən sənədin gündəmə gətirilməsinin Azərbaycana heç bir ziyanı yoxdur:

“Hazırda onlar “907-ci düzəliş”in ləğvi ilə bağlı ölkə başçısının qərar vermək hüququnu əlindən alırlar. Düşünmürəm ki, bu gün Vaşinqton bizə qarşı hər hansı sanksiya tətbiq edə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan regionda çox önəmli ölkədir. Tək məsələ “907-ci düzəliş”lə bağlı Senatın qəbul etdiyi “S.3000” qətnaməsidir. O da ki hələ qüvvəyə minməyib. İndiki məqamda bu, bizə heç bir zərbə vurmur”.