“15 İyun – Azərbaycan dövlətçiliyinin xilas günü” mövzusunda tədbir keçirildi
Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının və Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşəbbüsü, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə “15 iyun- Azərbaycan dövlətçiliyinin xilas günüdür” mövzusunda tədbir keçirilmişdir.
İlk öncə Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
“Xəzərtv.info” xəbər verir ki, tədbiri giriş nitqi ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov bildirmişdir ki, 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu.Sürətli inkişafın sarsılmaz təməllərinin qoyulduğu Azərbaycan bugünkü uğurlara məhz Ümummilli lider Heydər Əliyevin və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində nail olub. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Lider Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
Daha sonra çıxış edən Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Cəlil Bağırov çıxış edərək qeyd etdilər ki, Ulu Öndərin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında ən mühüm, tarixi və misilsiz xidmətlərindən biri siyasi varisliyin təmin edilməsi oldu. O, özündən sonra ölkəni şərəflə, ləyaqətlə və uğurla idarə edə biləcək lider yetişdirməklə Azərbaycanın gələcək inkişafının, parlaq perspektivlərinin möhkəm təməlini yaratdı. 2003-cü ildə Azərbaycan xalqının Heydər Əliyev siyasətinin davamına “HƏ” deməsi, cənab İlham Əliyevə etimad göstərməsi bizi möhtəşəm nailiyyətlərə və böyük Qələbəyə aparan amil oldu. Dövlət başçısı kimi fəaliyyətə başladığı gündən həyata keçirəcəyi siyasətin prioritetlərini açıqlayan, “Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm”,- söyləyən cənab İlham Əliyev atdığı addımlarla xalqa verdiyi vədlərə sadiqliyini, Heydər Əliyev yoluna sədaqətini nümayiş etdirdi.
Tədbirdə çıxış edən digər natiqlər də Heydər Əliyev tərəfindən həyata keçirilən mühüm işlərdən, Ulu Öndərin xalqımız qarşısında xidmətlərindən danışdılar.
Tədbirin sonunda İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin şagirdlərinin hazırladıqları Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr edilmiş rəsmlərdən ibarət sərgiyə baxış keçirilmişdir.
Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı































































