Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

21 Ara 15:31Cəmiyyət

Dünya uşaqların idi... VİDEO

Əslində, xoşbəxtlik üçün çox şey lazımdır. Amma onları xoşbəxt etmək üçün bəzən bir oyuncaq, bir təkərli konki, rəngli flomaster dəsti də kifayət edir. Bu gün “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında məskunlaşan uşaqlar həmin xoşbəxtliyi yaşadılar.

AZƏRTAC-ın əməkdaşlarının onlara gətirdiyi Yeni il hədiyyələri sığınacağın balaca sakinlərinin hamısının ürəyincə oldu.

Yeni il ərəfəsində redaksiya əməkdaşları həyatın sınağına ürcah olmuş uşaqları sevindirmək, onlara bayram sovqatı göndərmək qərarına gəliblər.

Sığınacaqda təşkil edilən şənlik mərasimində uşaqlar yaşıl yolkanın ətrafında Yeni il, Şaxta baba, Qar qız, qış mövsümü haqqında şeirlər söyləyib, mahnılar oxuyub, rəqs edib və əyləncəli oyunların iştirakçısı olublar. Şaxta baba və Qar qızın məclisə gəlişi onları daha da sevindirib və bayram ovqatını daha da coşdurub.

Sonra Şaxta baba uşaqların arzusu ilə alınmış hədiyyələri onlara bağışlayıb. 3 yaşlı Uraza velosiped, 9 yaşlı Oksanaya qulaqcıq, 8 yaşlı Yeganəyə bayram paltarı, 7 yaşlı Elcana oyuncaq maşın, 5 yaşlı Pərvanəyə işıqlı ayaqqabı, 9 yaşlı Fatiməyə qar kürəsi, 5 yaşlı Murada plastilin hədiyyə verilib. Kiminə oyuncaq maşın, kiminə idman geyimi, kiminə qapıçı əlcəyi, kiminəsə təkərli araba... Bir sözlə, hədiyyələrdən hamıya pay düşüb - üçaylıq Ümiddən tutmuş 17 yaşlı Aynuradək…

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin direktoru Elnurə Zeynalova deyib: “Hazırda sığınacaqda 38 uşaq məskunlaşıb. Onların ən kiçiyi 3 aylıq, ən böyüyü 17 yaşındadır. AZƏRTAC əməkdaşlarının onlara bəxş etdiyi sevinc nəinki balacaları, elə bizi də çox duyğulandırdı. Bu diqqət və qayğıya və uşaqlara bu gün bəxş etdikləri möhtəşəm sevincə görə bütün kollektivə təşəkkür edirik”.

Körpə təbəssümü ən qaranlıq otağa, ən zülmət daxmaya da işıq və hərarət gətirir. Keçirdikləri Yeni il şənliyi, aldıqları hədiyyələr uşaqların üzünə təbəssüm çiləmiş, ürəklərinə sevinc işığı və bayram ovqatı gətirmişdi....

Sanki dünya uşaqların idi. Onlar deyir-gülür, şənlənir, qismətlərinə düşən hədiyyələrdən özlərini xoşbəxt hiss edirdilər.

Uşaqları xoşbəxt etmək üçün çox şeyə ehtiyac yoxdur ki?!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin