Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

14 Şub 19:05Cəmiyyət

Bakıda beşinci dəfə “Fərqli Fərdlər” konqresi keçiriləcək

Martın 11-də Heydər Əliyev Mərkəzində Xüsusi Qayğıya Ehtiyacı Olan İnsanlar üçün “Fərqli Fərdlər” konqresi keçiriləcək. Artıq ənənəyə çevrilmiş konqres bu il 5 illik yubileyini qeyd edir və konqresin gündəliyindəki mövzular daha da genişlənərək, nəinki xüsusi qayğıya ehtiyacı olan uşaqları, eləcə də böyükləri əhatə edəcək.

“Caspian Event Organisers” şirkətindən AZƏRTAC-a bildirilib ki, “Fərqli Fərdlər” 2019-cu ildən etibarən ictimaiyyətin diqqətini autizm, diqqət əskikliyi və hiperativlik, uşaq serebral iflici (USİ), Daun sindromu və digər mövzulara maksimum dərəcədə yönəltmək və valideyn, mütəxəssis və pedaqoqlar arasında dialoq quraraq, dövlət tərəfindən müəyyən edilmiş inklüziv cəmiyyətin genişləndirilməsi təmayülünü dəstəkləyir. Konqresin əsas məqsədi və nail olmağa çalışdığı ən başlıca hədəf isə ictimaiyyətdə fərqli qayğıya ehtiyacı olanlar haqqında məlumatlılığı artırmaq, ən əsası isə düzgün yanaşma nəticəsində onları cəmiyyətə inteqrasiya etmək və öz yerlərini tapmağa yardımçı olmaqdır.

“Fərqli Fərdlər” 2023 aid geniş spektrli mövzuların müzakirəsi, fikir mübadiləsi və təcrübə paylaşımı məqsədilə ABŞ, Azərbaycan, Belarus, İsrail, Rusiya, Türkiyə və başqa ölkələrdən olan tanınmış yerli və aparıcı beynəlxalq spikerlər çıxış edəcəklər. Platforma yerli və xarici mütəxəssislər arasında əlaqələrin qurulması üçün mühüm vasitə rolunu oynayır. Konqresin moderatorları arasında xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri və fərqli inkişaf özəllikləri olan insanlar da olacaq.

Konqresin prodüseri “Autistic city” Autizm spektr pozuntusu (ASP) diaqnozlu insanlara dəstək mərkəzinin rəhbəri, Autizm spektr pozuntusu olan şəxs Antonina Steynberqdir. “Fərqli Fərdlər”də xüsusi qayğıya ehtiyacı olan uşaqlar da iştirak edəcəklər.

Konqresin açılış mərasimində xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımova layihə üçün xüsusi olaraq yazılmış “Fərqli Fərdlər” himnini ifa edəcəklər. Hər zaman olduğu kimi bu dəfə də “Ümid var” Yaradıcılıq Qrupu öz iştirakı ilə tədbirə rəng qatacaq. Belə ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar tədbirdə inklüziv kompozisiyalarla çıxış edəcəklər.

Konqresin builki proqramına “İlk andan”, “Məktəb vaxtı” və “Birlikdə böyüyürük” bölmələri və panel müzakirəsi daxildir.

Ənənəvi olaraq “Fərqli Fərdlər”in mövzuları təşkilatçılar tərəfindən müasir tələblər, eləcə də iştirakçıların xahişi nəzərə alınmaqla formalaşdırılır. Tədbirdə ilk dəfə olaraq çox aktual, lakin həssas mövzu olan yeniyetməlikdə cinsi tərbiyə müzakirə olunacaq. Konqres zamanı, həmçinin inkişaf özəllikləri olan insanların uşaqlıq dövründə tədqiqatı və erkən müdaxilə, autizmli insanlarda qidalanma pozuntusu, “bullinq” və məktəbə inteqrasiyası, inklüziv işə qəbul, perspektivlər və digər mövzular qaldırılacaq. Qeyd edilməlidir ki, həmin mövzularda çıxış edən mütəxəssislər hazırda Azərbaycan məktəblərində inklüzivlik üçün öz proqramlarını həyata keçirirlər.

Tədbirdə xüsusi qayğıya ehtiyacı olan insanlar üçün günəbaxanlı boyunbağlar tədbirin tərəfdaşı olan “ZAMA LLC” tərəfindən təmin olunacaq. Məlum olduğu kimi, günəbaxan zahirən görünməz əlilliyin beynəlxalq simvoludur. “Fərqli Fərdlər”in iştirakçıları boyunbağ sahibinin gizli əlilliyini görə biləcək və nəticədə oriyentasiya, qərar qəbul etmək və ya əlavə yardım üçün onlara daha çox vaxt lazım ola biləcəyini anlayacaqlar. Günəbaxanlı boyunbağların sahibləri üçün rahat şərait və yeməklərin verilməsi üçün ayrıca xətt təşkil ediləcək. Bundan əlavə, zalda uşaqlar və böyüklər üçün xüsusi istirahət otağı fəaliyyət göstərəcək.

Bu il də tədbir xüsusi qayğıya ehtiyacı olan insanlara daim qayğı və diqqət göstərən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Regional İnkişaf İctimai Birliyi (RİİB), Dayanıqlı Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi), Sosial Xidmətlər Agentliyi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və Dövlət Reklam Agentliyinin dəstəyi ilə təşkil edilir.

Konqresin təşkilatçısı “Caspian Event Organisers” (ceo.az) şirkətidir.

Qeyd edək ki, “Fərqli Fərdlər” 2023 konqresində iştirak etmək üçün qeydiyyatdan keçmək zəruridir: https://ferqliferdler.az/az-register/.

Tədbirdə tərəfdaş və ya sponsor kimi çıxış etmək üçün [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq olar.

Konqresin fəaliyyətini “Fərqli Fərdlər”in rəsmi saytı (www.ferqliferdler.az), Facebook (https://www.facebook.com/ferqliferdlercongress) və Instagram (https://www.instagram.com/ferqliferdler/) səhifələrində izləmək olar.