“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
“Azərbaycana qarşı şantaj və böhtan maşını fəaliyyətinin 3-cü mərhələsində” - Nurlan Həsənov
“1-ci mərhələdə hələ torpaqlarımız işğal altında olduğu dövrdə Şvabe kimi ermənipərəst siyasətçilər, nəinki beynəlxalq hüququn tələblərini heçə sayırdılar, eyni zamanda Azərbaycana qarşı qarayaxma kampaniyasının əsas oyunçuları olmaqla ölkəmizə siyasi təzyiqlər göstərməyə cəhd edir, bir milyon qaçqın və məcburi köçkünlərimizin hüquqlarının pozulmasına göz yummağı bacarır və hər vəchlə Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırdılar”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin 6-cı çağırış deputatı Nurlan Həsənov bildirib.
O bildirib ki, 2-ci mərhələyə 44 günlük vətən müharibəsi dövründən başlayaraq 1 günlük antiterror tədbirləri başa çatanadək olan dövrdə qarayaxma kampaniyası aparan maşın yeni strategiya ilə bir daha işə düşüb:
“Bu mərhələni öncəkindən fərqləndirən əsas meyar isə Şvabenin daha çox erməni əsilli milli azlıqların hüquqları ilə bağlı apardığı böhtan kampaniyası oldu. Şvabe kimilər əsasən Laçın korridorunun açılması, saxta blokada, ermənilərə qarşı dırnaqarası etnik təmizləmə kimi Azərbaycana qarşı ittihamlar səsləndirməklə böhtan kampaniyasını davam etdirirdilər.
Bugünlərdə isə xüsusilə böyük tədbirlərə ev sahibliyi etdiyimiz bir zamanda, ölkəmizin nüfuzunun günü-gündən artdığı bir dövrdə Şvabe kimilərin “siyasi məhbus“ kimi vaxtı keçmiş məsələlərdən yenidən istifadə etməsi şantaj və qarayaxma kampaniyasının yeni bir mərhələsidir. Digərlərində olduğu kimi Azərbaycanı bu formada şantaj etmək nəticə verməyəcək”.