Dövlət Proqramı ilə bağlı Qobustanda görülmüş işlər barədə tədbir keçirildi - Fotolar

Ötən gün “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin Qobustan rayonunda icrasının təmin edilməsi istiqamətində görülən işlərlə yerində tanış olmaq məqsədilə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Azərbaycan Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 6-cı ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Taleh Zeynalov, aidiyyəti dövlət qurumlarının nümayəndələri rayon ərazisində fəaliyyət göstərən sahibkar və fermer təsərrüfatlarına baş çəkiblər.
“Qafqazinfo” xəbər verir ki, görüş çərçivəsində sahibkarlar Cəfərov Vahid İsa oğlunun, “Bolluq-E” MMC-nin və fiziki şəxs Zümürxanov Həsən Məhəmməd oğlunun təsərrüfatlarında görülən işlərlə yerində tanış olunub.
Təsərrüfatlarda kənd təsərrüfatı məhsullarının istehsalı, əkin sahələrindən səmərəli istifadə, məhsuldarlığın artırılması, su təminatı, müasir aqrotexnologiyaların tətbiqi və istehsal imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Fermer və sahibkarlarla görüşlər zamanı onların fəaliyyətləri, qarşılaşdıqları çətinliklər və gələcək inkişaf planları müzakirə edilib, kənd təsərrüfatının inkişafı üçün mövcud imkanlardan daha səmərəli istifadə olunması istiqamətində fikir mübadiləsi aparılıb.
Daha sonra Qobustan Rayon İcra Hakimiyyətinin inzibati binasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan sahibkar və fermerlərin, Qərargah üzvlərinin iştirakı ilə görüş keçirilib. Görüşün əsas məqsədi Dövlət Proqramı çərçivəsində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumatları diqqətə çatdırmaq, fermer və sahibkarların təkliflərini dinləmək və mövcud məsələlərin həlli istiqamətində birgə tədbirləri müəyyənləşdirmək olub.
Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, fermerlərin fəaliyyətinin dəstəklənməsi və aqrar sahədə müasir texnologiyaların tətbiqi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib. Rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, Qobustan rayonunda kənd təsərrüfatının inkişafı üçün mövcud torpaq və təbii resurslardan səmərəli istifadə olunması, məhsuldarlığın artırılması, su təminatının yaxşılaşdırılması və müasir suvarma sistemlərinin tətbiqi, heyvandarlığın cins tərkibinin və məhsuldarlığının yüksəldilməsi əsas prioritet istiqamətlərdəndir. Bu məqsədlə fermer və sahibkarlarla mütəmadi görüşlər keçirilir, onların qarşılaşdıqları problemlər araşdırılır və aidiyyəti qurumlarla birgə həlli istiqamətində tədbirlər görülür.
Azərbaycan Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 6-cı ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov çıxışında Dövlət Proqramının ölkənin aqrar potensialından daha səmərəli istifadə olunması, kənd təsərrüfatı məhsullarının istehsalının və emalının artırılması, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi və kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Ağa-Əli Əhmədov bildirib ki, Dövlət Proqramında müəyyən edilmiş hədəflərin yerlərdə uğurla icrası dövlət qurumları, yerli icra hakimiyyəti orqanları, fermerlər və sahibkarlar arasında səmərəli əməkdaşlığın qurulmasını zəruri edir. Qobustan rayonunda kənd təsərrüfatının inkişafı üçün mövcud potensialın tam reallaşdırılması, istehsalın genişləndirilməsi və yeni layihələrin həyata keçirilməsi istiqamətində işlərin davam etdirilməsinin vacibliyi qeyd olunub.
Görüşdə sahibkar və fermerlərin təklifləri dinlənilib, onların qarşılaşdıqları məsələlər müzakirə olunub. Aidiyyəti qurumların nümayəndələri tərəfindən səsləndirilən məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilib
































































