Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Abşeron rayonunda könüllülərlə görüş olub
Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) yanında İctimai Şuranın könüllüləri ilə görüş keçirilib.
Rayon icra hakimiyyətindən bildirilib ki, İctimai Şuranın sədri Elçin Quliyev Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatından danışıb. Bildirib ki, əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu ideologiya Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan olunması könüllülük hərəkatına verilən yüksək qiymətin təzahürüdür. İctimai Şura da bu nəcib təşəbbüsə töhfə verməyə çalışır.
Rayon icra hakimiyyətinin başçısının müavini Gülnar Rəhimova çıxışında qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən dövrümüzün yeni çağırışlarına uyğun davam etdirilir. O, könüllülük fəaliyyətinin dövlətimizin gənclər siyasətinin mühüm elementlərindən biri olduğunu bildirərək bunun gənclərin fərdi və karyera inkişafı üçün yeni imkanlar yaratdığını, praktiki biliklərinin artırılmasında, yaradıcı və innovativ potensialının üzə çıxarılmasında böyük rol oynadığını vurğulayıb.
G.Rəhimova könüllülərlə öz fikirlərini bölüşüb, tövsiyələrini verib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, könüllülük fəaliyyətinə üç ay müddətinə qoşulan gənclər müxtəlif sosial bacarıqlar və əmək vərdişlər aşılayan təlimlərdə iştirak edəcəklər. Bu müddətdə müqavilə öhdəliklərini uğurla yerinə yetirən gənclərin hər birinə xüsusi sertifikatlar veriləcək.